Prezident ötən ilin iqtisadi göstəricilərini açıqlayıb

“Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: “Qeyri-neft sənayesində 3,6 faiz kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”.

Prezident qeyd edib ki, ötən il bir çox önəmli layihə icra edilib: “Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.

Share