Hicran Hüseynova: Ökəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanı öz ailəsinə göstərdiyi qayğı ilə, eyni zamanda, həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.

unnamed

BB: Hicran xanım, gender siyasəti Sizin komitənin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda bu sahədə əldə edilən uğurlar və problemlər barədə danışmağınız xahiş edirik.
HH: Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-ci il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkədə bir sıra dövlət qurumları var idi ki, bu 3 istiqamət üzrə müəyyən vəzifələri yerinə yetirirdilər. Lakin ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və bu siyasətin həyata keçirilməsində xüsusi dövlət təşkilatının yaranmasına ehtiyac var idi. Bu baxımdan belə bir qurumun yaradılması çox vacib və düzgün tarixi qərar idi. Bu onu göstərir ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Hökuməti, ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim nəzərində saxlayır, bu isə ölkəmizin daha da güclənməsinə gətirib çıxarır.
Komitənin 2006-cı ildə yaranmasına baxmayaraq, gender siyasəti hələ 90-cı illərdən başlamışdır. Mən burada xüsusilə, Ulu Öndər Heydər Əliyevin bu sahədə müdrik siyasətini qeyd etmək istərdim. Bu siyasətin reallaşmasında, eləcə də güclü milli qanunvericilik bazasının yaradılmasında onun böyük və misilsiz xidmətləri olub. Öz müstəqilliyini elan etdikdən sonra ölkəmiz bir sıra Konvensiylara, o cümlədən, 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasına qoşulmuşdur. Davamlı olaraq milli qanunvericilik təkmilləşdirilmiş və gücləndirilmişdir. “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” verilən Sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı.

Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Ailə, Cinayət, Mülki, İnzibati Xətalar Məcəllərinə edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları ”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb oldu. Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun olması idi. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurətdən irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Mən xüsusilə, qeyd etmək istəyirəm ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır. Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü -cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı ildən ilə artır. Beləki, əgər 2010-cu ildə partiya üzvləri arasında qadınların xüsusi çəkisi 43,5%-idisə, 2014-cü ildə bu göstərici 46%-ə qalxmışdır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması çox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərqlənirlər. Bu gün bütün qurumlarda gender fokul-pointlər var və onlar təmsil etdikləri qadınların bütün problemlərin həlli üçün öz müsbət töhfələrini verirlər. Lakin əlbəttə ki, uğurlarla yanaşı, problemlər də mövcuddur. Xüsusilə, bəzi qadınlar öz hüquqlarını bilmirlər və ya passivdirlər. Buna görə də, biz bu sahədə maarifləndirmə işlərini gücləndiririk.
BB: Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın həyata keçirdiyi layihələrlə Azərbaycan qadın siyasətinin tarixində yeni mərhələ başlanmışdır. Qadınlarımızın dövlətin və cəmiyyətin həyatında fəal iştirakı və qərar qəbuletmə vəzifələrində təmsil olunması üçün komitəniz son zamanlarda hansı tədbirləri həyata keçirir?
HH: Ökəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanı öz ailəsinə göstərdiyi qayğı ilə, eyni zamanda, həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. O, ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bütün bunlar Mehriban xanım Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir. Müasir Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü olmalıdır.
Azərbaycan əhalisinin ümumi sayının 50,2% -ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycanın demək olar ki, əksər rayonlarında İcra Hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%- ə çatmış, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20%- ə çatmışdır. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40% -i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, 2010-cu ildə bu göstərici 16%-ə çatmışdır. 2015-ci ildə keçirilən parlament seçkilərində də qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə yüksəlmişdir. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7% olub. 2013-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil etmişdir. Eləcə də, hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır. Xüsusilə bu gün qadınlarımız texniki və maliyyə sahlərinə böyük maraq göstərirlər. Nümunə üçün bir neçə rəqəmləri nəzərinizə çatdırmaq istərdim: əgər 2005- ci ildə 4328 qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə onların sayı 9899-a qalxmışdır. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyəti ilə 14 811 qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı 25 386-ya yüksəlmişdir. Tikinti sahəsində fəaliyyət göstərən qadınların sayı 2005-ci ildə 5177, 2015-ci ildə isə 7154 olmuşdur. Əlbəttə, bu müsbət göstəricilərə nail olmaq üçün qadınlarımıza bir sıra silsilə tədbirlər, təlimlər keçirik. Mentorluq layihəsi çərçivəsində qadınlarımızda özünə inam hissini artırmaqda köməklik edirik, onlar üçün müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlərdə fəaliyyət göstərməkdə maarifləndirici treninqlər təşkil edirik. Qadınların ictimai və siyasi həyatda iştirakçılığının artırılması sahəsində bir sıra layihələr həyata keçiririk. Xüsusi ilə uğur qazanmış qadın modellərinin təbliği müsbət nəticələrə səbəb olur. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması, eyni zamanda təcrübə mübadiləsinin aparılması da vacib məsələlərdəndir.
BB: Qadınların sahibkarlıq və biznes mühitində səviyyəsini necə qiymətləndirirsiniz?
HH: Ölkəmizdə xüsusilə, qadın sahibkarlığının inkişafı istiqamətində müsbət nəticələr var, lakin bu sahədə də faəliyyət bir qədər də gücləndirilməlidir. BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində bir neçə konfrans və forumlar keçirilmişdir. Azərbaycan Respublikası bu tədbirlərdə aktiv iştirak etmişdir. Qeyd etmək lazımdır ki, 2012-ci ildə birgə təşkilatçılıqla Qadın sahibkarların III Forumu da Bakıda keçirilmişdir. SPEKA – ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir: belə ki, əgər 2012-ci ildə 73 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 889 nəfərə qalxmışdır, yəni 20%-ə çatmışdır. Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Əlbəttə bu istiqamətdə bir sıra işlər görülür. Qadın Resurs Mərkəzləri yaradılıb və burada qadınlara müxtəlif istiqamətlərdə xidmətlər göstərilir. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Artıq layihə çərçivəsində Sabirabadda 7, Masallıda14, Neftçalada 6 qadın biznes fəaliyyətinə başlayıb. Və bu da, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Layihənin davamı kimi, Biləsuvar və Salyanda hazırlıq işləri görülür. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz tövhəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhət asılı olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar. Biz hətta ev təsərrüfatı daxilində qadınların imkan və bacarıqlarından istifadə etməklə işçiyə çerilməsi üçün onlara dəstək oluruq. Nəticədə qadın evdən kənara çıxmadan belə işləyir və ailə büdcəsinə gəlir gətirir.
BB: Son zamanlar bir çox ailələrin istehlak kreditləri ilə həddən artıq yüklənməsinin şahidi oluruq. Ailə büdcəsinin düzgün formalaşması üçün maliyyə savadlılığının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bank sektoru ilə əməkdaşlığını necə görürüsünüz?
HH: Əlbəttə, ailə büdcəsi düzgün formalaşdırılması çox vacibdir. Bəzən bu məsələ ailələrin dağılmasına da gətirib çıxara bilir. Buna görə də qadınların bu sahədə biliklərinin olması aktualdır. Mən əvvəldə qeyd etdim ki, biz qadınlarımız üçün Qadın Resurs Mərkəzləri yaratmışıq və burada digər məsələlərlə yanşı maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması, yazılması sahəsində qadınlarımıza təlimlər keçirilir. Ailənin gəlirləri, onun düzgün xərclənməsi və digər məsələlər izah olunur. Burada digər bir məqam da kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resuslardan, xüsusilə banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Komitə Dünya Bankı, Asiya İnkişaf Bankı və bir sıra digər banklarla qadın sahibkarlığının inkişafı istiqamətində birgə layihələr həyata keçirib.
BB: Hicran xanım, Siz ilk siyasi elmlər doktoru, professorsunuz. Mərhum atanız da SSRİ miqyasında tanınmış dövlət xadimi olmuşdur. Xoşbəxt ailənin “uğur reseptini” nədə görürsünüz?
HH: Ümumiyyətlə, ailə hər iki tərəfin qarşılıqlı hörmət, məhəbbət və anlaşması şəraitində qurulmalıdır. Həm kişi, həm qadın öz vəzifə və funksiyalarını bilməli, onun mahiyyətini, eyni zamanda məsuliyyətini dərk etməlidir. Hər zaman deyirlər ki, qadının üzərinə böyük məsuliyyət düşür, əgər uşağın hər hansı problemi yaranarsa, bunu onun anasının verdiyi tərbiyə ilə əlaqələndirirlər. Bu belədir, amma təkcə ana deyil, həm da atanın məsuliyyəti vardır. Ata xüsusilə övladlarına qayğı və diqqət göstərməli, onlarla vaxt keçirməlidir. Ailədə birtərəfli münasibət olmamalıdır. Valideyn ailədə uşaqlarına eyni dərəcədə qayğı göstərməlidir, xüsusilə o aildə həm qız, həmdə oğlan varsa. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması çox vacibdir. O qız güclü qadın ola bilər ki, uşaq vaxtı qayıkeş və mehriban ata baxışları ilə böyüsün. Deyirlər ki, hər bir uğur qazanmış kişinin arxasında ağıllı, güclü qadın dayanır. Fikrimcə, hər bir uğur qazanmış qadının arxasında isə ailə – valideynlər, həyat yoldaşı, uşaqlar və əlbəttə ki, öz kökünə bağlılıq dayanır.

Share