Bank BTB-nin Müşahidə|| Şurasının Sədri Rza Sadiqin Banking Baku jurnalına müsahibəsi

 

 

IMG_9369

 

 

BB: Cənab Sədr, bu gün Azərbaycan maliyyə sisteminin vəziyyətini necə qiymətləndirərdiniz? Maliyyə sistemi, xüsusilə bank sistemi üçün əsas çağırışlar və perspektivlər hansılardır? Bankların fəaliyyətində, xüsusilə iqtisadiyyatın kreditləşməsi istiqamətində canlanma nə zaman başlaya bilər?

RS:  Bu gün biz çox maraqlı bir dövrdə yaşayırıq, nəinki Azərbaycanda elə bütün dünyada gedən əhəmiyyətli proseslərin şahidi olmuşuq. Bunlar hamısı son iki ildə iqtisadiyyatımıza ciddi şoklar yaşatdı, bu da əlbəttə ki, maliyyə sisteminə təsirsiz ötüşə bilməz. Artıq bu gün biz maliyyə sistemi üçün hansısa nəticələrdən danışa bilərik, bəzi bazar iştirakçıları oyundan çıxdı, bəziləri əksinə güclənməyə başladı, bir çoxları üçün isə bu yeni fazanın başlanğıcı oldu. Hesab edirəm ki, yaşadığımız dövrün həm bank sektoru üçün həm də bütövlükdə maliyyə sistemi üçün çox ciddi müsbət təsirləri də olmuşdur. Buna tərbiyəvi əhəmiyyət desək, bəlkə də yanılmarıq. Əslində Azərbaycanın bank sistemi üzləşdiyi çətinliklər qarşısında kifayət qədər dayanıqlıq nümayiş etdirdi. Eyni dövrdə qonşu ölkələrdə və Avropada bağlanan bankların sayı da az deyildi. Sektorun məcmu göstəricilərini bu gün üçün yaxşı qiymətləndirə bilərik, halbuki problemlər hələ də az deyil. Belə şəraitdə bankların qarşısında duran əsas məsələlərdən biri bu günün problemlərinə qapılmamaq, perspektivlər haqqında düşünməkdir. İqtisadiyyatımızda ciddi transformasiya prosesi proqnozlaşdırılır və bir gün biz bankların artıq dəyişmiş iqtisadi sistemə uyğunlaşmadığının şahidi ola bilərik. Maliyyə sistemi də bütöv iqtisadi sistemin bir hissəsidir və əhəmiyyətli dəyişikliklər fonunda dialoqu daha da intensivləşdirmək, ümumi problemlərin üzərində birgə işləmək vacibdir. Konkret olaraq kreditəşməyə gəlincə isə onu deyərdim ki, iqtisadiyyatın ən sağlam subyektləri bu baxımdan bir korluq çəkmirlər. Əlbəttə manat resurslarının az olması kreditləşmənin istənilən səviyyədə olmasına mane olur, lakin həm milli valyutamızın stabilləşməsi, həm də Cənab Prezidentimizin başladığı yeni iqtisadi təşəbbüslərin bəhrəsini verməyə başladığı dövrdə bankların da fəaliyyətində, həmçinin kreditləşmə sahəsində irəliləyişlər olacaqdır.

BB: Son illərdə qlobal və milli səviyyədə baş vermiş dalğalanmalar əhalinin bank sisteminə etimadını müəyyən qədər zədələyib. Sizcə sektora inamın bərpası üçün hansı işlər görülməlidir?

RS:  Mən deməzdim ki, banklara əhalinin inamı yoxdur. Banklar özləri üçün ən çətin dövrdə əhalinin əmanətlərini dəyərsizləşmədən qorumuş oldular, əmanətçilərin devalvasiyadan çəkə biləcəyi zərəri özlərinin mənfəəti və kapitalı hesabına üzərinə götürdülər. Bəzi banklar buna tab gətirə bilmədi və hətta belə olan halda dövlət tərəfindən bütün qorunan əmanətlər tam həcmdə və yubadılmadan əhaliyə kompensasiya olundu. Eyni şəkildə valyuta məzənnəsinin kəskin şəkildə dəyişməsindən əziyyət çəkən borcalanlara qarşı da bankımız da daxil olmaqla bir çox banklar müəyyən güzəştlər tətbiq etməyə başladılar. Və bütün bunlar yenə də öz vəsaitləri, kapitalı hesabına. Digər məsələlərdə də biz böyük həcmdə yükü öz üzərimizə götürməli olduq. Doğrudur bir sıra islahatlar artıq aparılmışdır, əmanətlərin tam həcmdə qorunması, onlar üzrə əhali gəlirlərinin vergidən azad edilməsi kimi və s. Lakin görüləcək hələ bir sıra işlər vardır. Sektora inamın bərpa edilməsi üçün onun gücləndirilməsi lazımdır. İlk növbədə kreditlərin ödənişində intizamın bərpa edilməsi istiqamətində məhkəmə-icra mexanizmlərinin çevikliyinin artırılması, təminat qismində götürülmüş daşınar və daşınmaz əmlakların realizasiya mexanimzlərin inkişaf etdirilməsi, vergi qanunvericiliyi çərçivəsində bankların etdiyi güzəştləri nəzərə alaraq onlara qarşı vergi yükünün azaldılması və s. Ümumilikdə, bank sektoru iqtisadiyyatın qan-damar sistemidir. Bu o deməkdir ki, iqtisadi orqanizmin sağlam fəaliyyəti qan-damar sistemini də işə salar və o da öz növbəsində orqanizmin inkişafının təmin etməyə başlayar.

BB: Dünya ölkələrində, xüsusilə inkişaf etmiş maliyyə bazarlarına malik ölkələrdə “Fintech” əsas həllidici amillərə çevrilir. Bu tendensiyaların Azərbaycan bank sisteminə orta və uzunmüddətli perspektivdə təsirləri necə ola bilər? Bank BTB-nin rəqəmsallaşma (digitization) üzrə planları nədən ibarətdir?

RS: Fintech məfhumu çox geniş mənaya malikdir və bu gün dəbdədir. Halbuki, artıq neçə illərdir elə Azərbaycanın özündə də banklar Fintech-in müxtəlif baza ünsürlərini tətbiq edirlər. Bu prosesin dərinləşməsi və dünya səviyyəsinə çıxması labüddür. Birincisi, ökəmiz həmişə texnoloji yeniliklərin tətbiqinə çalışır, eyni şəkildə əhalimiz də həmişə innovativ düşüncəyə malik olub, ən yeni qadjetlərdən istifadə etməyə can atıb. İkincisi, bank sektoru respublika müstəqillik əldə edən gündən bu yana iqtisadiyyatın ən korporativ və texnoloji inkişaf etmiş sektoru olmuşdur. Və nəhayət Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək planları, yeni investorların ölkəyə cəlb olunması ölkənin maliyyə texnologiyalarının (Fintech) daha inkişaf etdiyi qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirəcək. Bütün bunlar bank sisteminə ciddi təsir edəcək. Banklar idarəetmə sistemlərini təkmilləşdirməli, marjaların sıxılması şəraitində əməliyyat operativliyini artırmalı, uzunmuddətli perspektivdə “artificial intelligence” sistemlərinin tətbiqi aktuallaşacaq. Bank sahəsində çalışan kadrların bilik və bacarıqlarına tələblər xeyli dəyişəcəkdir və bu haqda artıq bu gün bankirlər, təhsil mütəxəssisləri, gənclərlə işləyən qurumlar düşünməlidir. Bu perspektivlər ən vacib aspekt olan məlumat təhlükəsizliyinin yeni səviyyəyə çıxarılmasını labüd edir. Təsəvvür edin ki, bu qədər kompleks dəyişmələr bank sektorunu necə inkişaf etdirəcəkdir. Bunun üçün isə bu gün bankların dayanıqlığının təmin edilməsi olduqca vacibdir. Bank BTB ən gənc bank olmasına baxmayaraq texnoloji inkişaf baxımından xeyli irəliləmişdir. Bizim İT-infrastrukturumuz öz çeviklik və təhlükəsizlik göstəricilərinə görə ölkədə ən qabaqcıllardandır və biz bununla kifayətlənmirik, çünki bu bazadır, bunun üzərində böyük planlar qurmaq olar. Planlarımız isə çoxdur. Bura həm internet-bankinqin tam fərqli səviyyəsi, yeni innovativ hesablaşma məhsulları, daxili proseslərin rəqəmsalaşdırılması və s. Bütün bu işlərin reallaşdırılmasını biz uzunmüddətli inkişafa hazırlıq mərhələsi kimi qiymətləndiririk.

BB:  Rza müəllim, Siz həm də, peşəkar rəssamsınız. Bu sahədəki uğurlarınız barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik

RS: Bəli, çoxları bəlkə də Azərbaycan Rəssamlar İttifaqının üzvü olduğumdan xəbərsizdir. Rəsmlə ən kiçik yaşlarından məşğulam, artıq 25 ilə yaxındır. Əsasən kətan üzərində yağlı boya ilə işləyirəm, bu mənə daha çox sərbəstlik verir. Son illərdə bir neçə fərdi sərgilərim də olub, ölkəmizdə və xaricdə. Lakin çox böyük təəssüf hissi ilə deməliyəm ki, son vaxtlar yaradıcılıqla istədiyim qədər məşğul ola bilmirəm. Amma söz verirəm ki, ona daha çox vaxt ayıracam.

Müsahibənin davamını  “Banking Baku” jurnalından oxuya bilərsiniz

IMG_9454

 

Share