Bank of Baku Alternativ Satışlar və İnkişaf Departamentinin || direktoru Anar Abbasovla Müsahibəmiz

Hörmətli Oxucular, Banking Baku jurnalı olaraq bu dəfə də, “Bank of Baku” ASC-nin Alternativ Satışlar və İnkişaf Departamentinin Direktoru Anar Abbasovla internet banking və  bank sektorunda yeni hədəflər və çağırışlar haqqında  danışdıq. Olduqca səmimi alınan intervyunu Sizlərə təqdim edirik:

Banking Baku (BB): Anar müəllim ilk öncə müsahibəniz üçün təşəkkür edirəm. Bankir Anar Abbasov kimdir, Bank of Bakuda fəaliyyəti nədən ibarətdir?

Anar Abbasov: Müsahibə təklifiniz üçün mən Sizə təşəkkür edirəm. 2008-ci ildən “Bank of Baku”-da çalışıram. Bir çox bank, əsasən da pərakəndə sahəsində ixtisaslaşmış banklar, əhaliyə yaxın olmaq üçün filial sayını artırmağa çalışan vaxtlarda, “Bank of Baku” bir az fərqli inkişaf istiqamətini seçərək 2012-ci ilin sonlarında öz təşkilatı strukturunda Alternativ Satışlar və İnkişaf Departamentini yaradır və məni eyniadlı departamentə rəhbər təyin edir. anar
Kompleks şəklində departament innovativ və texnoloji layihələrin yaradılması və inkişafı, alternativ satış kanalları vasitəsilə potensial müştərilərin cəlb olunması, təcili pul köçürmə sistemləri ilə işin aparılması, sığorta şirkətləri, mobil rabitə operatorları, beynəlxalq ödəniş sistemləri və sairə kimi bankın daxili və beynəlxalq bazarda olan əsas partnyorları ilə müxtəlif layihələr əsasında əməkdaşlıq edir. Dövlət layihəsi olan Elektron Hökumətlə də münasibətləri inkişaf etdirərək müvafiq layihələrə inteqrasiya edirik.
Həmçinin bizim ölkədə elektron kommersiya və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə işlərin aparılması ilə də məşğuluq. İnternet Bankinq, SMS Bankinq və Mobil Bankinqin inkişaf istiqamətlərində də hərtərəfli dəstək oluruq.

BB: Bank of Baku Azərbaycanda İnternet Bankinq sistemində önəmli yeniliklərə imza atmış bir təsisatdır. Konkret olaraq, bu çağırışlar və innovativ addımlar nədən ibarətdir?


AA: İnternet bankinq xidmətimiz müştərilərə banka yaxınlaşmadan bank əməliyyatlarını rahat şəkildə icra etmək imkanı yaradır. Qeyd etmək istərdim ki, təqdim etdiyimiz internet bankingin hazır həll deyil və tam olaraq müştərilərin istəyinə uyğun olaraq bizim biznes və İT komandası tərəfindən yığılır. Son yeniliklərimizdən, Asan imza və birdəfəlik şifrə ilə bankdaxili və ölkədaxili digər banklara pul köçürmə funksionalığını əlavə etdik. Bu xidmət vasitəsilə, müştəri hesabında olan vəsaiti öz və ya digər şəxsin “Bank of Baku”-da və ya ölkədaxili digər banka köçürmək imkanı əldə edəcək, üstəlik bir çox üstünlüklərlə – Bankdaxili köçürmələr tamamilə pulsuz, ölkədaxili köçürmələr isə 50%dək daha ucuz tariflərlə icra olunacaq.

BB: Siravi vətəndaşlarımızın ASAN və elektron imzalardan istifadə keyfiyyətindən və əhatəsindən razısınızmı?

AA: Biz balaca araşdırma apardıq və gördük ki, vətəndaşlarımız hələ ki hər hansı bir elektron imzadan (həmçinin ASAN imzadan, müxtəlif Token sistemlərindən) və onun istifadəsindən kifayyət qədər məlumatlı deyildirlər. Baxmayaraq ki, hal-hazırda internet banking xidmətindən istifadə edən müştərilərin sayı 30 000-dən artıqdır, elektron imzalara sahib olanlar tək-tük sayda müştəri var ki, onlarda çoxu sahibkar və ya hər hansı hüquqi şəxsin səlahiyyətli nümayəndəsidir. İnsanları yeni texnoloqiyalara öyrəşdirmək, anlamağını daha rahat etmək üçün biz mərhələli yolu seçdik. Belə ki, istənilən müştəri (fiziki ş) i-bankingdən hesabdan hesaba pul köçürməsini elektron imzası olmadan da, edə bilər. Əməliyyatın təhlükəsizliyini təmin etmək üçün, müştərinin telefon nömrəsinə sms şəklində birdəfəlik şifrə gələckdir, və onu müvafiq xanaya daxil edib, sistem təkrar olaraq müştərini identifikasiyadan keçirərək əməliyyatını icra edəcəkdir.

BB:   Onda elə çıxır ki, Fiziki şəxslərin elektron imzalara sahib olması prioritet təşkil etmir?

AA: Birdəfəlik şifrə ilə keçən əməliyyatlara biz gündəlik və aylıq limitləri müəyyən etdik. Müştəri daha iri məbləğlərdə və çoxlu sayda pul köçürməsi etmək istəyirsə, o halda elektron imzanı əldə etməsi mütləqdir. Gələcəkdə, hüqüqi baza tam buna icazə verəndən sonra, müştəri banka yaxınlaşmadan elektron imzalar vasitəsilə öz internet bankın profilindən əmanət, kredit və cari hesablarını da aça bilər, hər hansı bir əməliyyatın aparılması üçün əlavə müqavilə tələb olunarsa, onu imzalaya bilər. Elektron imzalar şəxsiyyəti təsdiq edən və qanunvericilikdə əl imzası ilə eyni tutulan yeni bir texnoloqiyadır.

BB:   Korporativ müştərilər üçün elektron imzaların internet bankinqinizdə istifadə üstünlüyü nədir?

AA: Son aylarda internet bankingdə məhz Korporativ müştərilərimiz üçün bir çox yenilikləri əlavə etdik. Artıq sahibkarlar, iri və xırda şirkətlərin mühasibləri, maliyyə menecerləri və sair səlahiyyətli şəxslər vaxt itirmədən, öz iş yerlərini tərk etmədən, bankda növbə gözləmədan, ödəniş tapşırığını kağız üzərində tərtib etmədən, onu elektron formada elə internet bankingin şəxsi kabinetində yarada, hesabdan hesaba pul köçürməsini icra edə bilərlər. Həmçinin köçürməni (ödəniş tapşırıqlarını) şablonlarda yaddaşda saxlayıb əlavə vaxt sərf etmədən bir təsdiq ilə yenidən icra edə bilərlər. Üstəlik bunu bankdaxili köçürmələrdə tamamilə pulsuz, digər bank hesablarına köçürərsə bank filiallarından 50%-dək güzəşt şamil olunur.
BB: Amma yenədə pulu hesabına köçürəndən sonra, pulu hesabdan çıxartmaq üçün banka yaxınlaşmalı olacaqmı?

AA: Xeyr, korporativ müştərilərimizi dəstəkləmək, onları əlavə vaxt itkisindən azad etmək üçün bir neçə gün əvvəl biz sahibkarlar üçün yeni bir kart bazara çıxartmışıq. Bu kart bir başa sahibkarın və ya hüqüqi şəxsin bizdə açdığı bank hesabına bağlıdır. Və beləliklə, korporativ müştərilərimiz də çox asanlıqla hesablarına gələn pulu istənilən ATM vasitəsilə nağdlaşdıra biləcəklər.

BB: Müştəri elektron imzanı hardan və necə əldə edə bilər?

Hal-hazırda bizim i-banking yalnız Asan imza (Mobil imza) tipli elektron imzanı qəbul edir, yaxın vaxtda Mərkəzi Bankın təqdim etdiyi Token tipli elektron imzaların istifadəsi də mümkün olacaqdır. Asan imzanı istənilən Asan xidmət mərkəzindən və ya mobil operatorların müştəri xidməti ofislərindən əldə edə bilərlər. Mərkəzi Bank tərəfindən təqdim olunan Token tipli elektron imzanı isə “Bank of Baku” –nun filiallarından əldə etmək imkanı olacaqdır. Bu elektron imzaların fərqindən, specifikalarından, təhlükəsizliyindən və sair çox danışmaq olar, mövzüdan kənarlaşmaq istəməzdim, daha ətraflı asanimza.az və cbar.az saytlarından məlumatı əldə etmək olar.

BB: Bəs ümümiyyətlə müştəri internet bankinginizə necə qoşula bilər, bir çox banklarda bu uzun bir prosess olduğundan, müştəri bundan qaçır?

AA: Keçən ilin aprel ayından biz qoşulma prosesini də çox sadələşdirdik. Belə ki, 17.04.2015-ci il tarixindən sonra bankımızda hər hansı bir kredit məhsulunu alan və ya carı, əmanət hesabını açan müştərilər filiala yaxınlaşmadan, sadəcə 145 Məlumat Mərkəzinə zəng etməklə və müvafiq məlumatları bildirməklə internet bankingin tam istifadə hüququna malik olacaqlar. Bütün digər müştərilər isə natamam istifadə hüququna malik olacaqlar. Həmin müştərilər tam istifadə hüququna keçmək üçün filiala yaxınlaşıb mütləq İ-bankçılıq üzrə əməkdaşlıq müqaviləsini imzalamalıdırlar. İ-banking sisteminə daxil olmaq üçün istifadəçinin logini və parolu, banka təqdim etdiyi mobil telefonuna sms vasitəsilə göndərilir.

BB: Müştərilərin natamam və tam istifadə hüquqları nə ilə fərqlənir?

AA: Natamam istifadə hüququna malik müştərilər cari, kredit, kredit kartlar, debet kartlar və deposit hesablarına nəzarət edə, kredit ödənişi həyata keçirə, ödənişlərinizin tarixçəsinə baxa və bu kimi digər risksiz online əməliyyatları icra edə bilərlər. Tam istifadə hüququ isə, müştəriyə natamam rejimində olan əməliyyatlarla yanaşı, “double check”, yani tam təhlükəsizliyini təmin etmək üçün istifadəçinin təkrar identifikasiyadan keçirilməsini tələb edən maliyə və sair əməliyyatları icra etməyə icazə verir. Misal üçün, Bank daxili və Bank xarici hesablara pul köçürmələri, Online ödəmələr, Kartdan karta pul köçürməsi, Kartın blok edilməsi, Əmanətin artırılması, Kommunal xidmətlərin avtomatik ödənişi, Avtomatik kredit ödənişi və sair pul əməliyyatlarına aid funksionallar.
 
BB: Sirr deyilsə gələcəkdə “Bank of Baku”nun “İnternet bankinq”lə bağlı planları nədən ibarətdir? Yeni xidmətlər istifadəyə veriləcəkmi?

AA: Qeyd etmək istərdim ki, artıq 3-cü ildir “Bank of Baku” mütəmadi olaraq Mərkəzi Bankın “Nağdsız Ödənişlər üzrə Lider bank” nominasiyasında 1-ci yerə və “Elektron Bankçılıq xidmətlərində üzrə Lider bank” nominasiyasında 2-ci yerə layiq görülür. Bankın bu sahədə mövqeyini daha da möhkəmləndirmək niyyətindəyik. Bu il ərzində Mobil Banking xidmətini “Apple Store” və “Google Play” marketlərinə yerləşdirərək, müştərilərimizin istifadəsinə verilməsini planlaşdırırıq. Və beləliklə, müştəri İnternet Bankingdə olan bütün xidmətlərindən, həmçinin “ağıllı” mobil telefon vasitəsilə daha çevik və rahat yararlana biləcək. Ümümümiyyətlə isə müştərilərimizə 24/7 rejimində bank xidmətləri göstərəcək Elektron Bankçılıq kompleksinin üzərində çalışıb, təkmilləşdiririk. Bu kompleks vasitəsilə müştərilərə bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (online alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Banking, Mobil Banking, SMS-Banking vasitəsilə xidmətlərin daha geniş çeşiddə göstərəcəyik. İdeyalarımız çoxdur…

bolkartgenc

Share